“Ailə Könüllüləri” layihəsinə start verildi

24 aprel 2020

Paylaş:

Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə Könüllüləri” layihəsinə start verir.

Könüllülük insanları xalqa və dövlətə xidmət naminə vahid niyyət, vahid amal ətrafında birləşdirən təmənnasız xidmət deməkdir.

Həm tarixi ənənələrimizə uyğun, həm də müasir çağırışlara cavab olaraq ölkəmizdə könüllülük fəaliyyətinin təbliği və təşviqi istiqamətində əhəmiyyətli addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş və dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi barədə sərəncam imzalamışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu təşəbbüsə dəstək çərçivəsində bir sıra tədbirlərə start vermiş və bu fəaliyətin davamı olaraq, növbəti “Ailə Könüllüləri” layihəsini elan etmək üçün müvafiq qərar qəbul etmişdir.

Yeni yaradılacaq “Ailə Könüllüləri”nin fəaliyyətinin əsas məqsədi müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

Layihənin hədəfləri sırasında silahlı münaqişələr, təbii fəlakətlər, yanğınlar, epidemiyalar və digər fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə dəstək göstərilməsi də mühüm yer tutur.

“Ailə Könüllüləri”nin fəaliyyətinin məqsədləri sırasına həmçinin həssas qruplara daxil, aztəminatlı, o cümlədən gənc ailələrin qarşılaşıdqları çətinliklərin və problemlərin həlli üçün müvafiq xidmətlərə yönləndirmək, habelə sosial, psixoloji və mənəvi dəstək göstərmək də daxildir.

“Ailə Könüllüləri”nin fəaliyyəti yalnız ailələri deyil, həm də yerli icmaların inkişafına birgə töhfə vermək üçün imkanlar yaradır və ən əhəmiyyətlisi, uşaqlarda xeyirxahlıq, mərhəmət və humanizm keyfiyyətlərinin aşılamağa yönəlir.

“Ailə Könüllüləri” layihəsinə qoşulmaq və “Ailə könüllüsü” kimi fəaliyyət göstərmək üçün ailələr müvafiq (əlavə edilir) anket formasını dolduraraq ailemkonulluleri@gmail.com elektron poçt ünvanına göndərə bilərlər. Anket forması qəbul edildikdən sonra Təşkilat Komitəsi tərəfindən  ailələrlə əlaqə saxlanılacaq və onlarla müsahibə keçiriləcək.

 “Ailə Könüllüləri”nin fəaliyyəti “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə könüllü arasında bağlanmış müqavilə ilə tənzimlənir. 

“Ailə Könüllüləri”nin Əsasnaməsi və anket forması ilə buradan tanış ola bilərsiniz. 

Ailə Könüllüləri ƏSASNAMƏ

https://drive.google.com/open?id=1w5tf0_GUdXZBZYmh65X9iYl1kDHFrtQF

Aile Könüllüləri  Anket 

https://drive.google.com/open?id=1cjP8o_gl0277lN0BGzdzFnVEJEynifJL