Avropa Şurasının Uşaq Hüquqları üzrə Daimi Komitəsinin plenar sessiyası keçirilmişdir

17 sentyabr 2020

Paylaş:

2020-ci il 17 sentyabr tarixində Avropa Şurasının Uşaq hüquları üzrə Daimi Komitəsinin (CEDENF) “AŞ-nın 2020-2027-ci illər üzrə Uşaq Hüquqları Strategiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi” mövzusunda virtual plenar sessiyası  keçirilmişdir.

  Sessiyanı giriş sözü ilə açan  xanım Sədr Maria–Andriani Kostopolo plenar  sessiyanın  gedişatı və pandemiya dövründə Avropa Şurası ölkələrində Uşaq hüquqlarının qorunması ilə bağlı vacib olan məqamları diqqətə çatdıraraq, plenar sessiyada iştirak edən üzv ölkələrin nümayəndələrinə təşəkkürünü bildirdi.

Daha sonra 2016-2021 ci illər üzrə qəbul edilmiş strategiyanın əsas prioritet istiqamətləri və  2020-ci ilə qədər ölkələrdə bu isitqamətlərdə aparılan işlər diqqətə çatdırılmaqla, COVİD- 19 pandemiyasının uşaqlara və onların hüquqlarına olan təsiriləri  müzakirə edildi. Qeyd olundu ki, yeni strategiyanın hazırlanması prosesində Avropa Şurasının daimi komitəsi tərəfindən müxtəlif mövzularda vebinarların təşkil olunması gözlənilir və üzv ölkələrin nümayəndələrindən vebinarların hansı mövzuları əhatə etməsi barədə təkliflərin verilməsi rica edildi.  

 İclasda iştirak edən Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, uşaq məsələləri üzrə milli ekspert Ceyran Rəhmətullayeva çıxış edərək  ölkəmizdə COVİD-19 pandemiyası dövründə uşaqların hüquqlarının qorunması istiqamətində atılan addımlar və hazırda pandemiya şəraitində bu vəziyyətə uyğun olaraq təhsilin  optimallaşmış formada əyani və virtual olaraq təşkil olunduğunu, xüsusilə regionlarda vəziyyətə uyğun olaraq təhsilin uşaqlar üçün əlçatanlılığının təmin olunmasının əsas prioritet olaraq müəyyən edildiyini və məhz bu məqsədlə bütün yerli televiziya kanallarında sentyabr ayının ilk günlərindən başlayaraq virtual TV dərslərin keçrildiyini bildirdi. Eyni zamanda, O, ölkə ərazisində bağça və günərzi qayğı xidmətlərinin fəlaiyyətinin də bərpa olunduğunu diqqətə çatdıraraq, yay müddətində ölkə ərazisində müxtəlif təşkilatlar və Dövlət qurumları o cümlədən  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən valideyn və uşaqlar üçün müxtəlif mövzularda həyata keçirilən online vebinarlar və açıq qapı günləri barədə məlumat verdi.

Avropa Şurasının  2016-2021-ci illər üzrə qəbul edilmiş Uşaq Hüquqları üzrə Strategiyasının prioritet sahələri üzrə  ölkəmizdə yerinə yetirilməsi vəziyyətindən danışan C. Rəhmətullayeva, Azərbaycanda 2020-2030–cu illər üzrə Milli Uşaq Strategiyasının  qəbul olunduğunu, strategiya üzrə Milli Fəaliyyət planının hazırlandığını  və bu Strategiyanın hazırlanmasında Avropa Şurasının Uşaq hüuquları üzrə Strategiyasının əsas prioritet istiqamətləri olan, bütün uşaqlar üçün bərabər imkanlar, uşaqların iştirakı, uşaqların zorakılıqdan müdafiəsi, yüvenal ədliyyə  və internet təhlükəsizliyi kimi məsələlərin diqqətə alındığını, eyni zamanda Strategiyadan irəli gələn tədbirlər planının hazırlanması zamanı COVİD-19 və ya  digər fövqəladə vəziyyətlərdə uşaq hüquqlarının qorunması istiqamətində atılacaq addımların xüsusi qeyd olunduğunu diqqətə çatdırdı.

 Bundan əlavə, C. Rəhmətullayeva 2022-2027- ci illər üzrə yeni strategiyanın hazırlıq prosesi zamanı təşkil olunacaq vebinarlarda uşaqların təhsilə bərbər çıxışı, online təhlükəsizlik və ailədaxili zorakılıqdan müdafiə ilə bağlı  mövzuların da əhatə olunmasının zəruriliyini  xüsusilə qeyd etdi. Daha sonra danışan Lüksemburqdan olan nümayəndə pandemiya zamanı uşaqların hüquqlarının qorunmasının önəmli olduğu sahənin təhsil olduğunu bir daha vurğulayaraq, dünyanın  bir çox yerlərində olduğu kimi öz ölkəsində də uşaqların təhsilə bərabər çıxışı zamanı xüsusilə internet resurslarının kifayət qədər olmaması, həm müəllimlərin həm də tələbələrin virtual təhsil sistemində təcrübələrinin  az olması və texniki problemlərin mövcudluğu təhsil siteminin kifayət qədər pandemiya vəziyyətindən mənfi təsirlərə məruz qaldığını bildirərək təhsillə bağlı mövzuların vebinarlar zamanı xüsusilə diqqətə alınmasını bir daha qeyd  etdi. 

 Plenar iclas  öz işini 2022-2027-ci illər üzrə hazırlanacaq strategiyanın əsas prinsipləri, prioritet sahələri və  dizaynı  üzrə  hazırlıq işləri barədə  müzakirələrlə və Avropa Şurasının Uşaq Hüquqları Bölməsinin rəhbəri xanım Regina Jenstor tərəfindən 2009-cu ildən bəri Avropa Şurası tərəfindən qəbul olunmuş üç dövrü strategiyanın  müqayisəli təhlili barədə təqdimatla davam etdirdi.