Bahar Muradova Milli Məclisin 2020-ci il payız sessiyasının sonuncu plenar iclasında çıxış edib

30 dekabr 2020

Paylaş:

Bu gün Milli Məclisin 2020-ci il payız sessiyasının sonuncu plenar iclası keçirilib.

İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən 2019-cu il üzrə Komitənin fəaliyyəti haqqqında hesabatla ilə çıxış edib.

Hesabat əsas 4 istiqamət üzrə təqdim edilib: Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri; Gender bərabərliyinin təmin edilməsində dövlətin üzərinə düşən vəzifələr; Gender bərabərliyinin sahələr üzrə təmin edilməsi; Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilməsi zəruri olan tədbirlər.  

Cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişi və qadınlara ictimai həyatın  bütün sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinə diqqət çəkən Komitə sədri “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanununun qəbul olunmasından keçən müddət ərzində bu məsələyə dövlət idarəçiliyində diqqətin artırıldığını, gender mədəniyyətinin təbliği sahəsində maarifləndirmə və məlumatlandırma tədbirlərinin geniş vüsət aldığını bildirib.

Eyni zamanda, ölkədə məşğulluğun və xüsusi ilə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, habelə gender bərabərliyinin təşviqi üzrə həyata keçirilən xüsusi layihələrə toxunan Bahar Muradova, bu tədbirlərin qadınların iqtisadi cəhətdən gücləndirilməsi prosesinin sürətlənməsinə imkan yaratdığını deyib. O, Dövlət Komitəsinin Qanunun icrasının təmin edilməsi və eyni zamanda, bu sahədə ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etdiyini, fəaliyyətləri əlaqələndirdiyini və mövcud boşluqların aradan qaldırılması sahəsində öz tövsiyələrini təqdim etdiyini diqqətə çatdırıb.