Zəhra xanım Quliyeva – 98 il

18 yanvar 2021

Paylaş:

Azərbaycan qadın hərəkatında mühüm rolu olan görkəmli elm xadimi Zəhra  Quliyevanın xatirəsini ehtiramla yad edirik.

Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor  Zəhra Quliyeva Azərbaycanda qadın siyasətinin həyata keçirilməsində mühüm xidmətləri olan, respublika səhiyyəsinin inkişafına, tibb elminə böyük töhfələr vermiş ictimai-siyasi xadim kimi tanınır.

Zəhra Quliyeva 1998-ci il yanvarın 14-də Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinə sədr təyin olunmuşdur. O, qadınların bütün sahələrdə təmsil edilməsi, qadın iştirakçılığının artırılması, yerli və beynəlxalq səviyyədə qadın məsələlərinə diqqət yetirilməsi və digər müvafiq istiqamətlərdə uğurlar qazanmışdır. Onun əməyi və səyləri nəticəsində 1998-ci il sentyabr ayında müstəqil Azərbaycan qadınlarının qurultayı keçirilmişdir. Z. Quliyeva həmçinin Ümumdünya Qadın Konfransında ölkəmizi layiqincə təmsil etmiş, qadınlarımızın haqq səsini bütün dünyaya çatdırmışdır.

O, 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtiraların müəllifidir. 

Zəhra Quliyeva səmərəli fəaliyyətinə və əhəmiyyətli xidmətlərində görə  "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", Azərbaycan Respublikasının "Şöhrət" ordenləri və medallarla təltif edilmiş, əməkdar elm xadimi adına layiq görülmüşdür.

O, 2005-ci il noyabrın 28-də vəfat etmişdir.