8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

6 mart 2021

Paylaş:

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər.

Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.

Mən torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.

İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır.

Dərin hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2021-ci il.