Məişət zorakılığı çağırışlarına cavab olaraq ən qabaqcıl təcrübələrin paylaşılması istiqamətində əməkdaşlıq davam etməkdədir

30 mart 2021

Paylaş:

29 mart 2021-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin onlayn formatda rəsmi açılış tədbiri keçirilib.

Layihənin Azərbaycan tərəfindən benefisiarı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, layihənin Azərbaycan üzrə rəhbəri Sədaqət Qəhrəmanova tədbiri açıq elan edərək, ölkəmizdə məişət zorakılığı qurbanlarına dəstək tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlərin davam etdirildiyini və müxtəlif profilaktik təşəbbüslərin göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, dünyada geniş yayılmış məişət zorakılığı probleminin qarşısının alınması məqsədilə Dövlət Komitəsi müasir beynəlxalq standartlara və təcrübəyə uyğunlaşma prosesində Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edir: “Haqqında danışdığımız Tvinninq layihəsinin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi, müvafiq qurumlar arasında bu sahədə əməkdaşlığın təşviq edilməsidir. Görülən tədbirlərin effektivliyinin artırılması üçün Litva və Avstriya ilə təcrübə mübadiləsi aparılacaqdır”. O qeyd edib ki, layihə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tam tətbiqi üçün səmərəli hüquqi siyasətin hazırlanması; Dövlət Komitəsinin və yerlərdə fəaliyyət göstərən monitorinq qruplarının institusional imkanlarının gücləndirilməsi; geniş ictimaiyyətin məlumatlılığının artırılması üçün kampaniyanın artırılması olmaqla 3 istiqaməti əhatə edəcəkdir.

Sədr müavini xüsusilə vurğulayıb ki, milli-mənəvi dəyərlərin aşılanması, ailədə gender bərabərliyinin təmin olunması, hüquqi bazanın təkmilləşdirilməsi və həyata keçirilməsi məişət zorakılığının qarşısının alınmasında əsas şərtdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, Avropa İttifaqı qanunvercilik bazasının və qurumların gücləndirilməsi, inkişaf və təhsilin dəstəklənməsi, zorakılıq qurbanlarına göstərilən xidmətlərin yaxşılaşdırılması, zorakılığı törədən səbəblərin aradan qaldırılması və qadınların səlahiyyətləndirilməsi istiqamətində öz tərəfdaşları ilə yorulmadan işləməyə hazırdır.

Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas tvinninq layihələrinin əhəmiyyətini və Litvanın bu istiqamətdə təcrübəsini diqqətə çatdırıb.

Daha sonra Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova “Məişət zorakılığı qurbanlarına dəstəyin göstərilməsi sahəsində apaılan islahatların xülasəsi” mövzusunda çıxış edərək, məişət zorakılığı hallarının qarşısının alınması sahəsində həyata keçirilən tədbirləri, qəbul edilən dövlət proqramları və fəaliyyət planları, gender əsaslı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyəti haqqında ətraflı məlumatları diqqətə çatdırıb. Litva üzrə layihə rəhbəri Audra Mikalauskaitė və Avstriya üzrə layihə rəhbəri Sabina Mandl isə “Tvinninq layihəsinin məqsədləri və gözlənilən nəticələrə dair” təqdimatla çıxış edib.

Bildirib ki, layihə çərçivəsində Gender əsaslı zorakılıq və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının hüquqi statusunun gücləndirilməsi, məişət zorakılığının kriminallaşdırılması ilə bağlı hüquqi mühitin formalaşdırılması, məişət zorakılığı qurbanları üçün hüquqi və psixoloji yardım mexanizminin yaradılması və məişət zorakılığı törədən şəxslər üçün reabilitasiya proqramının yaradılması ilə bağlı iş aparılacaq. Bundan başqa, polis işçiləri, hakimlər və sosial işçilər üçün məişət zorakılığı indikatorları, risk qiymətləndirmə meyarları və digər mövzularda təlimlərin təşkili planlaşdırılır. Layihə çərçivəsində eləcə də məişət zorakılığı sahəsində məlumatlılığın artırılması və bu sahədə həyata keçirilən profilaktik tədbirlərə töhfə verilməsi məqsədilə maarifləndirmə kampaniyasının işlənib hazırlanması üçün jurnalistlərin və nüfuzlu sosial media liderlərinin cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən Tvinninq layihəsi çərçivəsində qarşısına qoyulan məqsədlər “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında qarşıya qoyulmuş məqsədlərlə uyğunluq təşkil edir və layihənin icra müddəti Milli Fəaliyyət Planının icrası üçün nəzərdə tutulmuş dövrə təsadüf edir. Bu, layihənin əhəmiyyətini daha da artırır və Avropa İttifaqının müasir dövrün çağırışlarına uyğun olaraq məişət zorakılığı ilə bağlı hədəflərin əldə olunmasında Azərbaycana köməklik göstərilməsi istiqamətində səylərini daha da dəstəkləmiş olur.