7 aprel 2021-ci il tarixdə “Ailə planlaşdırılması, Reproduktiv sağlamlıq” mövzusunda onlayn tədbir keçirilib

7 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini həyata keçirir. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq 7 aprel 2021-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Kollecin tələbələri üçün “Ailə planlaşdırılması, Reproduktiv sağlamlıq” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, Azərbaycanda əhalinin dinamik artımının və milli maraqlara cavab verən demoqrafik təhlükəsizliyin təmin olunmasının, gələcəkdə sağlam nəslin yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, ana və uşaqların sağlamlığının mühafizəsinin daha da gücləndirilməsinə, uşaq və gənclərin reproduktiv sağlamlığının təmin olunmasına dair qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə məlumat verib. K.Əliyeva “Ailə planlaşdırılması, Reproduktiv sağlamlıq” adlı təqdimatla tədbir iştirakçılarına ailə planlaşdırılmasının üstünlüklərindən, reproduktiv sağlamlığın qorunmasına dair ümumi tövsiyələrdən ətraflı məlumat verib.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova çıxış edərək, reproduktiv sağlamlığın əsas amillərindən, sağlam və arzu olunan uşaqların doğulmasının vacibliyindən danışıb və müasir kontraseptiv üsullar barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Yekunda Azərbaycan Dövlət Pedaqoji Kollecin Ailə və Təhsil şöbəsinin müdiri İradə Babayeva çıxış edərək, öz münasibətini bildirib. Tədbirdən 90 nəfər iştirakçı faydalanıb.