“Valideynlərlə qarşılıqlı ünsiyyət effektiv formalardan biri kimi” mövzusunda növbəti tədbir M.Rahim adına 7 nömrəli tam orta məktəbdə keçirildi

28 aprel 2021

Paylaş:

28 aprel 2021-ci il tarixində “Valideynlərlə qarşılıqlı ünsiyyət effektiv formalardan biri kimi” mövzusunda növbəti onlayn tədbir Səbail rayonunda yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəbin müəllim və valideynləri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Təhməzova tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova “Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimatla çıxış edərək, əhali arasında ailə dəyərlərinin və ənənələrinin təbliği və bu sahədə maarifləndirmə işinin genişləndirilməsi, nikahın pozulmasının uşaqlara mənfi təsirləri istiqamətində tədbir iştirakçılarını məlumatlandırıb.

Eyni zamanda Komitənin Ailə Problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva “Biz öz övladlarımızla ünsiyyət qurmağı bacarırıqmı?” adlı təqdimatla çıxış edərək, uşaqların yaş xüsusiyyətləri, valideyn-uşaq münasibətləri, uşaqla qurulan müsbət ünsiyyətin uşaq inkişafına təsiri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Müzakirələr zamanı məktəbin direktoru Könül Təhməzova, valideynlər Sevinc Rzayeva və Dinarə Kərimova mövzu ətrafında ətraflı çıxış edərək, tədbir iştirakçılarına və təşkilatçılara təşəkkür ediblər.

Tədbirdən 95 nəfər iştirakçı faydalanıb.