Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçilrildi

28 aprel 2021

Paylaş:

28 aprel 2021-ci il tarixində Komitə tərəfindən görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinə həsr olunmuş “Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayevlə Uşaq Səfirlər məclisinin üzvləri, eləcə də, respublikanın regionlarını əhatə etməklə öz istedadı və fəallığı ilə seçilən 100-ə yaxın uşağın iştirakı ilə görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Komitənin sədr müavini Aynur Sofiyeva iştirakçılara layihənin əhəmiyyəti haqqında danışaraq  Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolunun hər bir gənc üçün nümunə, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib. Daha sonra A.Sofiyeva öz çıxışında layihənin ilk qonağı olan xalq yazıçısı Ç.Abdullayevin zəngin yaradıcılığından bəhs edərək, dünya şöhrətli yazarın nümunəsində uşaqlara təhsil, vətənpərvərlik, özünü tərbiyə kimi mövzularda dəyərli məlumatlar verib.

Ç.Abdullayev görüş zamanı uşaqlara milli-mənəvi dəyərlər, əxlaqi prinsiplər, müvəffəqiyyətə gedən yolda onların hər birinin üzərinə düşən ümdə vəzifələr haqqında söhbət açıb. Öz yaradıcılıq üslubu, əsərlərinin mövzusu və mütaliənin əhəmiyyətindən bəhs edən xalq yazıçısı daha sonra iştirakçıların suallarını cavablandırıb.