Sığınacaq sakinlərinə informasiya təhlükəsizliyi mövzusu üzrə təlim keçirildi

9 sentyabr 2022

Paylaş:

9 sentyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan qadın və uşaqlara maarifləndirici təlim keçiblər.
İnformasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması məqsədilə təşkil edilən təlimdə kibertəhlükəsizlik, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, bu sahədə hüquqi tənzimlənmə, düzgün şifrə seçimi və spam mesajları seçə bilmə xüsusiyyətləri istiqamətində sığınacaq sakinləri məlumatlandırılıb.
İnternetdə insanların hər bir hərəkətinin təqib olunduğunu nəzərə alaraq, fərdi məlumatları əks etdirən şifrələrdən istifadə edilməməsinin, şübhəli və viruslu linklərə keçid edilməməsinin vacibliyi vurğulanıb.
Sığınacağın balaca sakinlərinə isə internet resurslarının xeyirli və zərərli təsirləri, internetdə yaranan təhlükə və risklərdən müdafiə üsulları, bu istiqamətdə valideyn və müəllimlərlə məsləhətləşmənin vacibliyi, şəxsi məlumatların qorunması üçün güclü şifrələrdən istifadə qaydaları barədə ətraflı məlumat verilib.
Təlimlər Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşları Sevil Rəsulzadə və Qeys Ağalarov tərəfindən aparılıb.
Təlim çərçivəsində iştirakçılara Dövlət Komitəsi tərəfindən hazırlanmış məlumatlandırıcı bukletlər təqdim edilib.