“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzularında maarifləndirmə tədbiri keçirilib

6 oktyabr 2022

Paylaş:

5 oktyabr 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Neftçala Qadın Resurs Mərkəzində “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şaiq Məmmədov, yerli idarəetmə orqanlarının üzvləri və kənd qadınları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli, 71s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üzrə” Tədbirlər Planının icrası məqsədilə təşkil edilib.

Çıxış edən S.Qəhrəmanova tədbirin mahiyyəti və bu istiqamətdə Komitə tərəfindən görülən işlər haqqında məlumat verib.

Neftçala Qadın Resurs Mərkəzinin koordinatoru, “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə “Bərabər hüquqlar”, Neftçala Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəcibə Abdullayeva “Reproduktiv sağlamlıq, abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri”, Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gövhər Məmmədova “Ailə planlaşdırılması” mövzularında çıxış ediblər.

Daha sonra iştirakçılara mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.

Sonda mövzu ilə bağlı rayonda mövcud vəziyyət, problemlər, görüləcək işlər müzakirə edilib, dinləyicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, tədbir cari ay ərzində Ağcabədi, Sabirabad, Xəzər və Qusar Qadın Resurs Mərkəzlərində də təşkil edilir.