“Gender əsaslı zorakılığa məruz qalan şəxslərlə sosial işin təşkili” layihəsinin yekun konfransı keçirilib

22 oktyabr 2022

Paylaş:

21 oktyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial iş İctimai Birliyi tərəfindən “Gender əsaslı zorakılığa məruz qalan şəxslərlə sosial işin təşkili” layihəsinin yekun konfransı keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən Sosial İş İctimai Birliyinin həmtəsisçisi Amalya Sezgin təşkilat və layihə barədə geniş məlumat verib. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, layihənin əhəmiyyətini vurğulayaraq, hazırda sosial iş sahəsinin sürətlə inkişaf etdiyini bildirib. O, gender əsaslı zorakılıqla bağlı Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər, layihələr haqqında məlumat verib. Aparat rəhbəri qeyd edib ki, bəzi hallarda gender əsaslı zorakılıq, intihar və digər mənfi halların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə düzgün işıqlandırılmaması belə halların təbliğatına yol açır.

Tədbirdə Komitə əməkdaşları Tural Hüseynzadə “Gender anlayışının qanunda yeri və gender bərabərliyinin hüquqi aspektləri”, Zülfiyyə Sadıqova isə “Gender əsaslı zorakılıq və psixoloji yanaşmalar” adlı təqdimatla çıxış ediblər.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Sara Ağayeva gender əsaslı zorakılıq və sosial iş, zorakılığa məruz qalan şəxslərə göstərilən xidmətlər, sosial xidmət və reabilitasiya və digər mövzularda çıxışlar ediblər.

Sonda Sosial İş İctimai Birliyinin icraçı direktoru Sənan Ağayev layihənin icrasına dəstək olan qurumlara və konfransda iştirakçılarına təşəkkürünü bildirib.

Konfransda sosial işçi, psixoloq və universitet tələbələri iştirak ediblər.