“Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

4 noyabr 2022

Paylaş:

4 noyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin final mərhələsi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları və iştirakçıları salamlayan Dövlət Komitəsinin sədri Sədaqət Qəhrəmanova, qarşıdan gələn Zəfər Günü münasibətilə hər kəsi təbrik edib. O, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin hər bir azərbaycanlı üçün fəxarət mənbəyi olduğunu qeyd edərək, yaddaşlarda əbədi yaşayacağını, qürur dolu hisslərlə yad ediləcəyini bildirib.  Keçirilən tədbirin əhəmiyyətini vurğulayan sədr müavini, məktəb yaşlı uşaqların fikir və ideyalarını sərbəst şəkildə ifadə etmələri, cəmiyyətdə olan bir sıra məsələləri qabardaraq həll yollarını göstərməsinin onların inkişafına töhfə verdiyini söyləyib. S. Qəhrəmanova, regionlarda fəaliyyət göstərən hər bir məktəbdə belə tədbirlərin keçirilməsini təklif edərək, bunun ölkə gəncliyinin bilik və bacarıqlarının inkişafı üçün münbit şərait yaradacağına inamını ifadə edib.

Çıxış edən münsiflər heyəti üzvləri - Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova, Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva, “Ümidli Gələcək” Sosial Təşəbbüslər ictimai birliyinin icraçı direktoru Kəmalə Aşumova Zəfər Günü ərəfəsində belə tədbirlərin keçirilməsinin uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi, Zəfər tariximizin  yaşadılması baxımından əhəmiyyətini qeyd ediblər. Eyni zamanda uşaqların yaradıcı keyfiyyətlərinin, intellektual bacarıqlarının inkişaf etdirilməsinə dəstək olduğu vurğulanıb.

Çıxışlardan sonra müsabiqə ilə bağlı statistik məlumatları özündə əks etdirən təqdimat nümayiş etdirilib. 7-27 oktyabr 2022-ci il tarixinədək davam edən müsabiqədə erkən nikahların qarşısının alınması mövzusunda layihələrin çoxluq təşkil  etdiyi, eləcə də ən çox müraciət edənin qızlar olduğu bildirilib.

Tədbir zamanı müsabiqədə iştirak edən 358 elektron layihədən ikinci mərhələyə vəsiqə qazanan 10-u nümayiş etdirilib və münsiflər tərəfindən qiymətləndirilib.

Daha sonra müsabiqənin qalibləri açıqlanıb. 7 layihə sahibi iştirakına görə diplom və hədiyyələrlə təltif edilib. Birinci yeri “Ümid məktəbi" layihəsi ilə Gülnar Qasımova (Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi), ikinci yeri “Müdafiəçi” layihəsi ilə Səbinə Qasımova (Şəmkir rayonu, Qaraçəmənli kəndi 1 saylı tam orta məktəb), üçüncü yeri isə “Səsimi eşit” layihəsi ilə Denis Asvarov (Şəki şəhəri 7 saylı tam orta məktəb) tutublar. Qaliblərə hədiyyə və diplomlar təqdim edilib.

Tədbir “Bizə zəfər yaraşır” adlı bədii kompazisiya ilə sona çatıb.