Dövlət Komitəsində bu il ali məktəbə qəbul olmuş Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları ilə görüş keçirilib

11 noyabr 2022

Paylaş:

11 noyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda həlak olmuş şəhidlərimiz, Vətən müharibəsi qəhrəmanları şəhid mayor Həsənov Elşadın həyat yoldaşı Aksana Həsənova, şəhid baş leytenant Nurzadə Rövşənin həyat yoldaşı Təranə Quminskaya, XTQ-nin giziri şəhid Xəlilov Namiqin həyat yoldaşı Aytəkin Xəlilova, MAXE şəhid Həsənov Həsənin həyat yoldaşı Qəriyə Həsənova ilə görüşüb.

Dövlət Komitəsinin sədri B.Muradova əvvəlcə qonaqları salamlayıb və onları ali məktəbə qəbul olmaları münasibəti ilə Komitənin kollektivi adından ürəkdən təbrik edib. 

Ermənistan üzərində tarixi qələbənin əldə edilməsinin 2-ci ildönümünü böyük qürurla qeyd etdiyimiz Zəfər dolu günlərin yaşanmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin rolundan bəhs edən B.Muradova, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıb. 

Vətən müharibəsində şəhid olan igidlərimizi yad edən Komitə sədri, onların hər birinin mərdliklə, şücaətlə və qəhrəmancasına vuruşmaqları ilə yanaşı, həm də ədalətli, humanist olduqlarını, lazımi anda hətta düşmənə belə mərhəmət göstərdiklərini vurğulayıb.

Ölkəmizin qısa bir müddətdə - 44 gün ərzində böyük qələbə əldə etdiyinə diqqət çəkən sədr qeyd edib ki, ölkə başçımız başda olmaqla Azərbaycan ordusu, bizim üçün and yeri olan şəhidlərimiz, müharibədə sağlamlığını itirmiş qazilərimiz, canıyla-qanıyla vuruşan müharibə veteranlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də dünyaya ədalət gətirən xalq olduğumuzu bir daha sübut etdilər.

B.Muradova “Bu gün siz bütün Azərbaycan xanımları üçün örnəksiniz. Təşəkkür edirəm ki, siz özünüzdə güc tapdınız, böyük dəyanətlə əsil vətəndaş olduğunuzu,ailənizə sahib çıxmaq qabiliyyətinə malik olduğunuzu göstərdiniz. Təkcə övladınız üçün yox, həm də həyat yoldaşınızın bu dövlət və xalq üçün etmək istədiyi arzularını reallaşdıracaqsınız”- deyə sonda bildirib.

Çıxış edən Aksana Həsənova səmimi dəvətə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, bu gün öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olması hər birimizə güc, qürur verir: “Biz də həmçinin öz nümunəmizlə övladlarımıza örnək olmalıyıq”.

Həyat yoldaşının Şuşa uğrunda gedən döyüşlərdə şəhid olduğunu bildirən  Təranə Quminskaya, şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin, dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının göstəricisi olduğunu əlavə edib.   O, qeyd edib ki, həyat yoldaşı ona daim arxa-dayaq olub və onu daha yüksəklərdə görməyi arzulayıb: ”Həyat yoldaşım məni nə qədər uğurlu görmək istəyirdisə, çalışacam ki, daha da irəlidə olum”.

Qəriyə Həsənova müharibədən sonrakı çətin günlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlığını bildirib. O, övladlarını ataları kimi vətənpərvər ruhda böyütdüyünü qeyd edib.

Aytəkin Xəlilova çıxışında bildirib ki, biz övladlarımızı güclü böyütmək üçün daim möhkəm olmalı, digər şəhid yoldaşlarına nümunə olmalıyıq.

Sonda Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva çıxış edərək şəhid xanımlarının hər birini təbrik edib, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Sonda xatirə fotosu çəkilib.