“İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində növbəti tədbirlər keçirilib

22 noyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllülük proqramının iştirakçıları, o cümlədən Bakı Qızlar Universitetinin tələbələri üçün insan alveri ilə mübarizə istiqamətində maarifləndirmə tədbirləri keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov “İnsan alveri və məcburi əmək: özünüzü necə qoruya bilərsiniz” adlı təqdimatı ilə çıxış edərək, insan alveri formaları, onun yaratdığı fəsadlar və bu kimi hallardan qorunma halları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Eyni zamanda insan alveri ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. İştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb.

Tədbirlərdə, ümumilikdə, 140 nəfər iştirak edib.