Dövlət Komitəsində Türkiyənin Qadın və Demokratiya təşkilatının (KADEM) nümayəndələri ilə görüş olub

17 dekabr 2022

Paylaş:

16 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Türkiyənin Qadın və Demokratiya təşkilatının (KADEM) nümayəndələri ilə görüş olub.

Qonaqları salamlayan Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb. O, xüsusilə də Azərbaycan nümayəndə heyətinin İstanbulda keçirilən V Beynəlxalq Qadın və Ədalət zirvə toplantısında uğurlu iştirakına diqqət çəkərək, bu cür yüksək səviyyəli tədbirlərin qadınların hüquqlarının qorunması istiqamətində müsbət təsirləri barədə danışıb.

C. Rəhmətullayeva Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutan əməkdaşlıq görüşləri haqqında məlumat verib. O, eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın imzalanmasının əhəmiyyətini qeyd edib.

Azərbaycanda olmaqdan məmnunluq hissi keçirdiklərini bildirən KADEM təşkilatının nümayəndələri hər zaman ölkəmizə səfər etmək arzusunda olduqlarını ifadə ediblər. Ölkələrimiz arasında bütün sahələrdə faydalı əməkdaşlığın uğurla davam etdiyini qeyd edən təşkilat nümayəndəsi Ümit Atman qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıq hallarının qarşısının alınması istiqamətində birgə tədbirlərin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Görüş Azərbaycan və Türkiyədə qadın hüquqlarının müdafiəsi, qadınların səlahiyyətləndirilməsi istiqamətində mümkün əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.

Görüşdə Dövlət Komitəsinin əməkdaşları, Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak edib.