Dövlət Komitəsində İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının iclası keçirilib

29 dekabr 2022

Paylaş:

29 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının iclası keçirilib.

Dövlət Komitəsinin sədr müavini, Ekspert Şurasının sədri Aynur Sofiyeva iclası açıq elan edərək, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O qeyd edib ki, zərərli məlumatlardan uşaqların qorunması aktual məsələlərdəndir və bu istiqamətdə Ekspertlər Şurasının işinin gücləndirilməsinə, eləcə də məlumatlandırmanın daha geniş miqyasda aparılmasına ehtiyac vardır.

A. Sofiyeva ölkə ərazisində yaşa görə təsnifatlaşdırılması təmin edilmədən və ya düzgün təmin edilmədən yayılan informasiya məhsullarının aşkarlanması məqsədilə informasiya məhsulunun istehsalçısı və ya yayıcılarının fəaliyyətinə dair monitorinqlərin təşkili istiqamətində tədbirlərin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçirilən müsabiqəyə müraciətlərin sayının kifayət qədər olmadığını yaxud namizədlərin müsabiqə şərtlərinə uyğun olmadığını diqqətə çatdırıb və bu istiqamətdə təşviqat işlərinin gücləndirilməsini vacib olduğunu əlavə edib.

Daha sonra Ekspert Şurasının üzvləri təmsil etdikləri qurumlar tərəfindən Qanunun icrası ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıblar. Görüş çərçivəsində informasiya məhsulunun istehsalçıları, yayıcıları və ekspert təşkilatları üçün informasiya məhsulunun yaş kateqoriyasına aid edilməsi ilə bağlı tövsiyələrin hazırlanması üçün təkliflər müzakirə edilib.

Görüş çərçivəsində informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə Müsabiqə Komissiyası tərəfindən keçirilmiş müsabiqənin nəticələri və ixtisas attestatı verilmiş ekspert haqqında məlumat diqqətə çatdırılıb.

Görüşdə Ekspert Şurasının üzvləri - Audiovizual Şurasının nümayəndəsi Ayxan Sadıqlı, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Aysel Hadiyeva, pedaqoq-psixoloq Kəmalə Qəhrəmanova, həkim psixiatr, uşaq psixiatrı Leyla Əliyeva, Komitənin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi, Şuranın katibi Könül Tağızadə, Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov və Komitənin analitik təhlil və informasiya təminatı şöbəsinin nümayəndəsi Sevil Rəsulzadə, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert Səidə Musayeva iştirak edib.

Yekunda növbəti ildə görülməsi nəzərdə tutulan işləri əhatə edən tədbirlər planı diqqətə çatdırılıb.