Görkəmli alim Zəhra xanım Quliyevanın xatirəsi anılıb

18 yanvar 2023

Paylaş:

Əməkdar elm xadimi, professor Zəhra Quliyevanın yüzillik yubileyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 2-ci Fəxri Xiyabanı ziyarət edərək, görkəmli elm xadiminin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Tədbir zamanı tibb elmləri doktoru, eləcə də Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olaraq respublika səhiyyəsinin inkişafına, tibb elminə böyük töhfələr vermiş alim haqqında fikirlər bölüşülüb, xatirələr səsləndirilib.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Zəhra xanımın Qadın Problemləri üzrə Dövlət Komitəsinin ilk sədri kimi ölkənin qadın hərəkatında, qadın siyasətinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, vətənin inkişafı yolunda yorulmadan çalışan parlaq şəxsiyyət kimi adını tarixə yazdığı vurğulanıb. A. Sofiyeva, il ərzində alimin yubileyi ilə bağlı tematik tədbirlərin keçiriləcəyini bildirib.

Mərhumun ailəsi adından çıxış edən, qızı Cəmilə Səttarova, Z. Quliyevanın 82 illik ömründə son günədək vətəninə, xalqına töhfə verməyə çalışdığını söyləyib. Qeyd olunub ki, onun həyat yolu, çoxşaxəli fəaliyyəti bugünədək gənclər üçün gözəl örnək və əvəzsiz nümunədir.