Dövlət Komitəsinin sədri Bahar Muradova Xızı rayonunda vətəndaşları qəbul edib

27 yanvar 2023

Paylaş:

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, 27 yanvar 2023-cü il tarixində Bahar Muradova Xızı rayon Heydər Əliyev Mərkəzində Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib, ərizə, müraciət və təkliflərinə baxıb.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşlar əsasən ailə məsələlərinə dair hüquqi dəstək, nikaha xitam verildikdən sonra uşaqlarla ünsiyyətin qurulması, çətin tərbiyə olunan uşaqların müəssisəyə yerləşdirilməsi və bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.