Komitə sədri Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri ilə görüşüb

2 mart 2023

Paylaş:

2 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisinin rəhbəri Petr Zixlə görüşüb.

Görüş zamanı Komitə ilə Avropa Şurası arasında əlaqələr müzakirə edilib, həyata keçirilən layihələrdən bəhs edilib və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, Avropa Şurası ilə qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətin uzun illərdir ki, davam etdiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, eləcə də Avropa Şurasına üzvlüyü ilə bağlı göstərdiyi səyləri xatırlayaraq, bu gün onun başlatdığı işin uğurla davam etdirildiyini qeyd edib. O, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və məişət zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, Komitənin bu mövzuda, bütün mümkün istiqamətlərdə AŞ ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu söyləyib.

Qısa müddət öncə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II layihəsinin uğurla başa çatdığını bildirən B.Muradova, Proqram çərçivəsində kifayət qədər ciddi nəticələr əldə edildiyini söyləyib. O, bu layihənin davam etdirilməsinin ehtiyacların öyrənilməsi və əməkdaşlığın növbəti fazasındakı istiqamətləri müəyyənləşdirmək üçün əhəmiyyətli olacağını əlavə edib.

Səmimi qəbul üçün təşəkkür edən AŞ-nın Azərbaycandakı ofisinin rəhbəri Petr Zix Komitə ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əməkdaşlığın uğurla davam etdirmək niyyətini ifadə edib. Birgə icra olunan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II çərçivəsində həyata keçirilən layihələrdən danışan AŞ rəsmisi, 3 il ərzində böyük nəticələrin əldə edildiyini, artıq Proqramın növbəti mərhələsinin rəsmi olaraq təsdiq edildiyini diqqətə çatdırıb. AŞ Parlament Assambleyasında fəaliyyəti zamanı Azərbaycana etdiyi səfərləri xatırlayaraq, Ulu öndər Heydər Əliyevlə görüşü zamanı təəssüratlarını bölüşüb.

Görüşdə Komitə sədrinin köməkçisi Teymur Məmmədov, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva da iştirak edib.