Dövlət Komitəsində Avropa Şurasının Proqramlar üzrə Direktorluğunun rəhbəri ilə görüş keçirilib

17 mart 2023

Paylaş:

17 mart 2023-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Avropa Şurasının (AŞ) Proqramlar üzrə Direktorluğunun rəhbəri Klaus Noykirx ilə görüşüb.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, qonaqları salamlayaraq, AŞ ilə uzun illərə söykənən əməkdaşlığın olduğunu söyləyib. O, ötən il gender bərabərliyinin təmin edilməsi, eləcə də yaxşı idarəçilik istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, ölkə maraqlarını da özündə əks etdirən bu fəaliyyətlərin cari ildə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Bələdiyyələrdə gender komissiyalarının yaradılmasının ailələrdə gender münasibətlərinin tənzimlənməsinə təsirindən söz açan sədr müavini, bu komissiyaların məişət zorakılığının qarşısının alınması ilə bağlı da töhfə verəcəyini qeyd edib. S.Qəhrəmanova, zorakılıq törədən şəxslərlə işin aparılması, zorakılıq mühitində böyüyən uşaqların reabilitasiyası məsələlərindən, gender məsul şəxslərin, eləcə də bu mövzuları işıqlandıran media nümayəndələrinin təlimləndirilməsinin önəmindən danışıb.

AŞ-nın Proqramlar üzrə Direktorluğunun rəhbəri Klaus Noykirx həyata keçirilən layihələrdə fəal iştirakına görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, birgə əməkdaşlıq çərçivəsində gender bərabərliyi sahəsində reallaşdırılan layihələrdən bəhs edib və bu fəaliyyətlərlə Azərbaycan qadınlarının dəstəkləndiyini vurğulayıb. Birgə icra olunan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının II mərhələsinin uğurla başa çatdığını birlidirən AŞ rəsmisi, Proqramın may ayında başlayacaq III mərhələsinin növbəti 3 il ərzində daha böyük nəticələrə səbəb olacağına inandığını diqqətə çatdırıb. O, məişət zorakılığı və qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində tədbirlərin vacibliyindən söz açıb, bu sahədə tərəqqiyə nail olmaq üçün əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə AŞ-nın Azərbaycandakı ofisinin rəhbəri Petr Zix, Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədli və Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya da iştirak edib.