Vətəndaşlar üçün

Ən çox verilən suallar

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Əgər tərəflər arasında nikah müqaviləsi bağlanmamışdırsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Ər-arvad nikah müqaviləsinə bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən müddəalar nəzərdə tutula bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərini işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb və hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti təyin edilmir. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. Yaş yarıma çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir – bu zaman onların orta əmək haqqı saxlanılır və onların əmək haqqının azaldılması qanunvericiliklə qadağan edilir. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan qadınların işdə saxlanılmasına üstünlük verilir. İşəgötürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan və yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Ər-arvad birgə nikah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər. Qeyd edək ki, zinət əşyaları istisna olmaqla fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə həmin müəssisələrin rəhbərliyinə həvalə edilir. Uşaqların müvəqqəti olaraq belə müəssisələrə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır. Uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.

Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaqların kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: -1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; -2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; -3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Sual verin
Axtardığınız sual yoxdur? Bizə yazın!