Könüllü ailələr tənha ahılları tək qoymurlar

13 mart 2021

Paylaş:

Son dövrdə tez-tez səslənən “Biz birlikdə güclüyük” ifadəsi geniş məna yükünə malikdir. Həqiqətən də, güc-birlikdədir...
Birgə atılan addım möhkəm, birgə görülən iş uğurlu olur. İctimai təşkilatların dövlət qurumları ilə əməkdaşlığı və nəticədə müştərək layihələrin icrası dövlətin sosial və humanitar siyasətinin davamlı şəkildə gerçəkləşməsinə xidmət etməklə yanaşı, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və inkişafı üçün münbit şərait yaradır.
Milli birliyin, qayğıkeşlik və xeyirxahlığın təcəssümü olan Novruz bayramı ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi ilə birgə “Ailə könüllüləri” layihəsi çərçivəsində xeyriyyə tədbiri keçirib. Komitənin ətrafında birləşən könüllü ailələr İctimai Birliyin himayəsində olan ahıl və tənhalara baş çəkib, onları bayram sovqatları ilə sevindirib, məişət problemlərinin həllində və təsərrüfat işlərində yardımçı olublar.
Bakı şəhərinin Nizami rayonunda Nağıyevlər ailəsi Zeynəb Novruzovanı, Gədəbəy rayonunda Axundovlar ailəsi Bahar Quliyevanı, Qazax rayonunda Məmmədovlar ailəsi Kamran Əliyevi, Biləsuvar rayonunda Əzizalılar ailəsi Yeganə Abdalovanı ziyarət edərək, ahıl yaşlı tənhalara mənəvi və maddi dayaq olublar.
Könüllü ailələrin tənha ahıllara diqqət və qayğısını əks etdirən birgə xeyriyyə tədbiri paytaxtda və bölgələrdə davam etməkdədir.