Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 3-cü iclası keçirildi

8 aprel 2021

Paylaş:

8 aprel 2021-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin İdarəetmə Komitəsinin onlayn formatda 3-cü iclası keçirilib.

İdarəetmə Komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Litva və Avstriya tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri, AQUPDK-nın və icraçı təşkilatların layihənin icrasına cəlb olunmuş əməkdaşları, eləcə də Avropa İttifaqının Bakı nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak ediblər. 

Benefisiar üzrə layihə rəhbəri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmnova iclası açıq elan edərək, iclas iştirakçılarını salamlayıb və layihə çərçivəsində qarşıdakı dövr ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Dövlət Komitəsinin mövqeyini diqqətə çatdırıb: ““Bizim və Tvinninq layihəsinin qarşısında həyati vacib məsələlərin həlli durur. Hesab edirəm ki, bu işi görməyə hər kəs həvəslidir və mən əminəm ki, biz Azərbaycanda məişət zorakılığına qarşı səmərəli və davamlı mübarizə aparmağa imkan verən bir konsepsiya və ya sistem işləyib hazırlaya biləcəyik”.

Daha sonra Litvanı təmsil edən layihə rəhbəri Audra Mikalauskaitė çıxış edərək, benefisiarın layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlərlə bağlı təkliflərini dəstəklədiyini bildirib və qeyd edib ki, bu təkliflərin Avropa İttifaqı tərəfindən rəsmiləşdirilməsinə ehtiyac var.”

Öz növbəsində, layihənin Rezident Tvinninq Müşaviri Laurynas Totoraitis layihənin icrası istiqamətində ötən ilin dekabr ayından car ilin fevral ayına qədər görülmüş işləri  iclas iştirakçılarının diqqətinə çatdırıb.

“Ötən dövr ərzində 70 ekspert missiyası həyata keçirilib. Ekspert missiyalarının əksəriyyəti layihənin 1.1 saylı fəaliyyəti çərçivəsində icra olunub,” deyə Totoraitis bildirib. O əlavə edib ki, işlənib hazırlanmış təkliflərin böyük hissəsi Monitorinq Qruplarının hüquqi statusunun artırılması ilə bağlı olub.

Daha sonra layihənin Litva tərəfindən icraçı qurumu olan ESFA-nın əməkdaşı Asta Jurgute cari dövr üçün layihənin maliyyə vəziyyəti barədə məlumat verib.

Öz növbəsində Avropa İttifaqının Bakı Nümayəndəliyinin nümayəndələri 2-ci rüblük hesabat və layihənin qarşıdakı dövrünü əhatə edən İş Planı ilə bağlı öz fikirlərini bildiriblər.

Sonda Sədaqət Qəhrəmanova bütün görüş iştirakçılarına təşəkkür edərək iclası bağlı elan edib.

Qeyd edək ki, Tvinninq layihəsinin məqsədi Avropa İttifaqı standartlarına uyğunlaşma prosesində məişət zorakılığı qurbanlarının hüquqi müdafiəsini və onlara dəstəyi gücləndirməkdən ibarətdir.

Layihənin icrasına ötən ilin sentyabr ayında başlanıb və 14 ay davam etməsi nəzərdə tutulub.