“Erkən nikah və erkən yaşda qızlar tərəfindən uşaqların doğulmasının qarşısının alınmasında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilib

14 oktyabr 2022

Paylaş:

Oktyabrın 14-də Yardımlı rayon Mədəniyyət Mərkəzində “Erkən nikah və erkən yaşda qızlar tərəfindən uşaqların doğulmasının qarşısının alınmasında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Yardımlı RİH-başçısının müavini Əfsanə Məmmədova, Milli Elmlər Akademiyasının Professoru  Rəna Mirzəzadə, HP-Güvən klinikasının klinik psixoloqu Aydan Xasməmmədova və Lənkaran Regional Ədliyyə idarəsinin rəisi Taleh Quliyev iştirak edib.

Tədbir Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Məmmədova çıxışında  Erkən nikahın ümumiyyətlə istər Şərq, istərsə də Qərb ölkələrində çox aktual bir məsələ olduğu diqqətə çatdırıb. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi, onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  erkən nikahın fəsadlarından bəhs edərək bildirib ki,  erkən nikahlar əsasən valideynlərin təsiri ilə baş verir. Yetkinlik yaşına çatmayan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar düzgün seçim barədə qərar verə bilmirlər. Erkən nikahın əslində böyük məsuliyyətsizlik olduğunu diqqətə çatdıran sədr müavini vurğulayıb ki, bu hal qızları təhsildən yayındırır, psixologiyasına mənfi təsir göstərir. Bu cür qızların ağır ailə məsuliyyətini, ağır ailə yükünü öz zərif çiyinlərində daşımağa gücləri çatmır. S.Qəhrəmanova bundan başqa bələdiyyələrin tərkibində yaradılmış gender bərabərliyi komissiyasının işinin vacibliyini də diqqətə çatdırıb.

Yardımlı Rayon Təhsil Sektorunun müdiri Kamal Təhməzov “Rayon üzrə qızların təhsildən yayınma halları”, Horavar Bələdiyyəsinin üzvi Əfsər İmanov “Bələdiyyədə Gender Komissiyanın fəaliyyəti”, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının Mama-Ginekoloqu Zəhra Şabıyeva “Reproduktiv sağlamlıq və erkən hamiləlik” mövzularında çıxış edərək erkən nikah hallarının gənclərin, ailələrin, erkən nikahın bağlanmasının dünyaya gələn körpələrin həyatında, sağlamlığında yaratdığı fəsadlardan və bu fəsadların sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükədən danışıblar.

Sonda rayon bələdiyyə sədrləri və üzvləri ilə görüş keçirilib, mövcud vəziyyət və problemlər, qarşıda duran məqsədlər müzakirə edilib.