Regionlarda erkən nikahların qarşısının alınması və məişət zorakılığına qarşı mübarizə istiqamətində tədbirlər keçirilib

24 oktyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, İsmayıllı, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən erkən nikahların və qızların təhsildən yayınmasının qarşısının alınması, məişət zorakılığına qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin aparılması məqsədilə silsilə tədbirlər keçirilib.

UADM-lər, Heydər Əliyev Mərkəzləri,təhsil müəssisələri, və ictimai yerlərdə keçirilən tədbirlər və maarifləndirmə aksiyalarında mərkəzlərin əməkdaşları, Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarələri, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndələri, məktəblilər, könüllülər iştirak ediblər.

Tədbirlərdə qızların təhsil almasının əhəmiyyətindən, erkən evliliyin sağlamlığa vurduğu zərərlərdən, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunmuş uşaqların hüquqları barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən icra olunan “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihə çərçivəsində İsmayıllı və Saatlı rayonlarında dəyirmi masa təşkil edilib. Tədbirlərdə məişət zorakılığının baş vermə səbəbləri, növləri, müdafiə və mübarizə üsullarından danışılıb. Mövzunun izahını əks etdirən video material nümayiş etdirilib, iştirakçılara “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq” adlı kitabça və buklet paylanılıb.