Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti “Açıq qapı” günü keçirilib

27 oktyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM), o cümlədən İcma Resurs və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.

UADM-lərin fəaliyyət göstərdiyi bəzi rayonlarda-Ağdam rayonunun Güllücə kəndi, Göygöl rayonunun Çaykənd kəndi, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi, Qəbələ rayonunun Seyidqışlaq kəndi, Saatlı rayonunun Qazanbatan kəndi, Sabirabad rayonunun Əsgərbəyli kəndi, İsmayıllı rayonunun Sumağallı kəndi, Zərdab rayonunun Qaravəlli kəndi, Goranboy rayonunun Şıxlar və Kələk kəndlərində səyyar şəkildə “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 300-dən artıq vətəndaşların müraciətinə baxılıb və onlara müvafiq dəstək göstərilib.

Müraciətlər arasında UADM-lərin xidmətlərindən istifadə (aktiv terapiya, psixoloji konsultasiya, ünsiyyət terapiyası, inkişafetdirici məşğələ), ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, uşaq inkişafı, psixoloji və sosial xidmət, məişət zorakılığı, aliment, müayinə, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək və s. kimi məsələlər yer alıb.

Qeyd edək ki, növbəti aylarda da “Açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub və bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.