Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçirilib

8 fevral 2023

Paylaş:

Forumda açılış nitqi ilə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva, Assosiasiya olaraq bu layihənin tərəfdaşı olmaqdan qürur duyduqlarını bildirib: “Beynəlxalq komandada Azərbaycan, Rusiya və Almaniyadan olan 24 sahibkar ictimai faydalı və müxtəlif sahələrdə birgə layihələr üçün ideyalar hazırlayıb. Bu layihələr cəmiyyət, ekologiya, təhsil, media, mədəniyyət və digər sosial əhəmiyyətli mövzuları əhatə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, təşkilatçılara təşəkkür edib, belə Forumların əhəmiyyətini vurğulayıb. O, sosial sahibkarlığın müstəqil, dayanıqlı biznes subyektləri vasitəsilə insanların həyatına təsir göstərmək, həmçinin cəmiyyətdəki və icmadakı problemlərin həllinə çalışmaq üçün mühüm bir vasitə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu, bir tərəfdən biznes və sahibkarlıq subyektlərini sosial əhəmiyyətli problemlərin həllinə cəlb edir, digər tərəfdən hədəf qruplarının iştirakı ilə üzləşdikləri problemlərin həllinə çalışır.

Xüsusi ilə müharibə və pandemiyadan əziyyət çəkən əhali qrupları üçün ənənəvi biznes maraqları ilə yanaşı ictimai və sosial maraqları yeni müstəviyə daşıyan subyektlərin maraqlı layihələr reallaşdırdıqlarını qeyd edən B.Muradova, mövcud hüquqi və institusional boşluqların olmasına baxmayaraq, bu sahədə təşəbbüslərin və müsbət təcrübələrin formalaşdığını vurğulayıb.

Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinin önəmindən danışan sədr bildirib ki, həmçinin qısa müddət ərzində hissolunacaq nəticələrin əldə olunması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməli, müvafiq institusional mexanizmlər yaradılmalıdır: O, “Mövcud ehtiyaclara müvafiq sosial dəyər yaratmaq üçün investisiya imkanlarına sərbəst çıxışla daha çevik və dayanıqlı nəticələr əldə etməyə qadir vətəndaşlarımız iqtisadi inkişaf, cəmiyyət və icmalar üçün daha çox fayda verə bilsinlər”- deyə əlavə edib.

Tədbirin rəsmi hissəsindən sonra MediaOst və AQSİA arasında, həmçinin WEİA və AQSİA arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Qeyd edək ki, ümumilikdə Foruma 200-dən çox iştirakçı qatılıb. Forumda təqdimatlardan əlavə, şəbəkələşmə platforması, Azərbaycanın işgüzar dairələri və qadın təşkilatlarının nümayəndələri ilə görüşlər, ölkədə sahibkarlara dəstək üzrə Dövlət proqramlarının təqdimatı keçirilib.